Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Azərbaycan Respublikası Maliyyə Nazirliyində dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Maliyyə naziri Sahil Babayev dövlət qulluqçularının səmərəli fəaliyyətlərinin daim dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamına əsasən, nazirliyin 9 nəfər əməkdaşının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, 1 nəfər əməkdaşın isə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görüldüyünü bildirib.
Təltif olunmuş nazirlik əməkdaşları adından göstərilən ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən nazir S.Babayev indiyədək Maliyyə Nazirliyinin 105 nəfər əməkdaşının Azərbaycan Respublikasının fəxri adları, orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.
Dövlət himni səsləndirildikdən sonra yeni əməkdaşlar and içərək onlara göstərilən etimadı doğruldacaqlarına, vəzifə borclarını vicdanla və məsuliyyətlə yerinə yetirəcəklərinə söz veriblər.
Dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edən nazir təltif olunan, eyni zamanda Maliyyə Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin müasir dövlət qulluğu sisteminin yaradılması və inkişafındakı əvəzsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub və dövlət qulluğu sahəsində vahid dövlət siyasəti formalaşdırılıb.