23 iyun 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) arasında kapital bazarlarında əməkdaşlığın genişləndirilməsiməqsədilə birgə təşkil olunmuş onlayn görüş keçirildi. Görüş, Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair imzalanmış Memorandumun davamı olaraq həyata keçirilib və hər iki ölkənin kapital bazarları arasında əlaqələrin inkişafına töhfə verməyi hədəfləyib.
Pakistan Fond Birjası (PSX) və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə təşkil olunan görüşdə hər iki ölkədən brokerlər və fond menecerləri bir araya gəlib. Bu, Pakistan və Azərbaycan arasında investisiya və biznes imkanlarının araşdırılması üçün dəyərli fürsət yaradıb.
Görüş zamanı ölkənin iqtisadi göstəriciləri, bazar strukturu, investisiya alətləri ətrafında geniş məlumat təqdim olundu, Azərbaycan və Pakistan birjalarının rəhbərləri tərəfindən kapital bazarlarında əməkdaşlığın əhəmiyyəti və strateji önəmi vurğulandı. Əməkdaşlığın əsas istiqamətlərinə “Dual listinq”, birgə maliyyə məhsullarının hazırlanması, bazar əməliyyatları və qaydaları haqqında təcrübələrin mübadiləsi daxildir.
Görüşün əsas məqsədi Pakistan və Azərbaycan arasında kapital bazarlarında əməkdaşlığı gücləndirmək və hər iki ölkənin maliyyə sektorları arasında investisiya, bilik və təcrübə mübadiləsi imkanlarını araşdırmaqdan ibarətdir. Bu da seçilmiş sənaye iştirakçıları üçün yeni tərəfdaşlıqlar qurmaq və bazar inteqrasiyasını təşviq etmək imkanı yaradır.