Müsahibə - Anar Həsənov - Biznes portal Finance Time







   
1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 














Müsahibə - Anar Həsənov


“AccessBank”ın İdarə Heyətinin Sədri
«AccessBank biznesin mikromaliyyələşdirməsi üzrə lider statusunu qoruyub saxlayır»

Sona çatmış 2019 -cu il bütünlüklə maliyyə sistemi, xüsusilə də bank sektoru üçün uğurlu olub. Bərpa prosesi xüsusən, tənzimləyicinin bütün prudensial normativlərinə riayət edən əksər banklarda hiss olunub.

Ümumilikdə, ötən ili bank üçün necə qiymətləndirirsiniz?

Bizim ötənilki ən böyük nailiyyətimiz bankın təkrar kapitallaşması prosesinin uğurla tamamlanması olub. Nəticədə, “AccessBank”ın strukturuna yeni səhmdarlar cəlb olunub, bankın nizamnamə kapitalı isə 258,7 milyon manatadək artıb.

Təkrar kapitallaşdırma prosesini tamamladıqdan sonra yeni səhmdarlar, devalvasiya nəticəsində ziyan çəkmiş dollar kredit portfelinin sağlamlaşdırılması üçün müəyyən addımlar atıblar. Biz kredit portfeli üzrə ehtiyatları əhəmiyyətli dərəcədə artırmağa nail olmuşuq və beləliklə də, bankın aktivlərinin keyfiyyətinin mümkün pisləşməsi ilə əlaqədar itkilərin minimuma endirilməsini və kredit risklərinin daha effektiv şəkildə idarə olunmasını təmin etmişik.

Kapitallaşma zamanı bankın planlaşdırılan illik itkilərinin əsas səbəbi də məhz bu cür mühafizəkar tədbirlərdir.

Qeyd edim ki, ötən ilin IV rübünü biz mənfəətlə başa vurmuşuq.

Bu amil bizim 2020-ci ilə əminliklə baxmağımıza kömək edir – proqnozlarımıza əsasən, biz cari ili yüksək mənfəətlə başa vurmaq niyyətindəyik. Hazırda bank öz fəaliyyətini, təkrar kapitallaşma nəzərə alınmaqla işlənib hazırlanmış dördillik biznes plana uyğun olaraq tam sürətlə həyata keçirir.

Bankın nizamnamə kapitalının artması gözlənilirmi?

Kapitallaşma zamanı bankın səhmdarları, kredit borcu qismində 20 milyon dollar təşkil ediblər – gözlənilməz kənar risklər baş verdikdə və ya plan göstəricilərindən əhəmiyyətli dərəcədə kənarlaşma olduğu halda, bu məbləği kapitala konvertasiya etmək mümkündür.

Amma 2019-cu il göstərdi ki, bankın göstəriciləri plandan yüksəkdir, bütün prudensial normativlər isə tənzimləyicinin minimal tələblərini üstələyir.

Belə ki, məsələn, bütün ehtiyatların yaradılması və itkilərin qarşılanması nəzərə alınmaqla, biz, 2020-ci ilin yanvar ayını 79,5 milyon manatlıq kapitalla başa vurmağı planlaşdırırdıq. Bununla belə, bizim faktiki kapitalımız 86,7 milyon manat təşkil edib, bu isə biznes-planda nəzərdə tutulandan 7 milyon manat artıqdır.

Beləliklə, artım sürəti və biznes-plana uyğunluq proqnozlarımız nəzərə alınmaqla, hazırda nizamnamə kapitalının daha da artırılmasına ehtiyac yoxdur.

Bankın əmanət portfelinin inkişafını necə qiymətləndirirsiniz?

Fiziki şəxslərin əmanətləri bankımızın fondlaşdırılmasının əsas hissəsini təşkil edir. Məsələn, ötən il üzrə bazardakı bütün banklar arasında məhz fiziki şəxslərin əmanət portfelinin ən böyük artımı məhz bizim bankımızda qeydə alınıb. Ümumilikdə, qeyd etmək lazımdır ki, bütünlüklə ötən il ərzində əmanət portfelinin artım dinamikası müşahidə olunub, bu isə əhalinin bankımıza etibarının bariz göstəricisidir. Ümumilikdə bank sektorunda əmanətlərin artımı cüzi olsa da, bizim bankımızda bu göstərici 160 milyon manatdan çox olub.

Cari hesablar da daxil olmaqla, bizim müştəri hesablarımız 2019-cu ilin sonuna 680 milyon manat təşkil edib, fiziki şəxslərin əmanət portfeli isə 114 milyon manatdan çox artıb. Bu fakt əmanət portfelinin sabit artımının göstəricisi olmaqla bərabər, müştərilərimizin ödəniş qabiliyyətinin yüksəlməsinin sübutudur.

Bazarda manat əmanətləri hələ də əhali üçün yüksək gəlirli hesab olunur. Bizim üçün isə bu, gələcəkdə də maliyyələşdirmə mənbələrini diversifikasiya etməyə və yalnız beynəlxalq təşkilatların vəsaitlərindən asılı olmamağa imkan yaradır.

Bankın kredit portfelində manat və xarici valyuta kreditlərinin payı nə qədərdir?

Manat əmanətlərinin artması sayəsində son 2 il ərzində kreditlərimizin 95%-i manatla verilib, bu isə valyuta riskini tamamilə istisna etməyə imkan yaradır. Potensial dollar kreditləri yalnız müvafiq dollar gəlirlərinə malik şirkətlərə verilə bilər.

Əgər “AccessBank”ın mövcud portfelindən danışsaq, ötən dövrlərdə kifayət qədər çoxlu sayda dollar krediti verilib və devalvasiya nəticəsində onların bir hissəsi restrukturizasiya olunub. Bəzi kreditlərin ödənilməsində isə müştərilər hələ də müəyyən çətinliklərlə üzləşirlər. Manat və xarici valyuta kreditlərinin pay nisbəti 70% - 30% təşkil edir. Dollar portfeli hələ də ödənilməkdədir.

Mərkəzi Bank biznesin kreditləşdirilməsinin artırılması üçün stimullaşdırıcı tədbirlərin vacibliyini vurğulayır. “AccessBank”ın bu sahədə planları necədir?

Ötən il biz, kredit portfeli üzrə ölkədə kiçik biznes üçün ən etibarlı tərəfdaş kimi öz mövqeyimizi qoruyub saxlamışıq, bu isə ölkə rəhbərliyinin siyasətinə uyğundur.

Mikromaliyyələşdirmə sahəsində “AccessBank” hər zaman öncül mövqe tutub və hazırda bizim bazardakı payımız 50%-dən çoxdur.

Ümumilikdə qeyd edim ki, bütünlüklə bankın tarixində biz təxminən 3 milyard manat məbləğində mikrokredit vermişik. Əgər ötən ilin ortalarından bəri verilmiş kreditlərin həcmini nəzərə alsaq, bu göstərici devalvasiyadan əvvəlki 2014-cü ilin rəqəmlərinə çox yaxındır – 2014-cü il bank sektorunun inkişafının zirvəsi hesab olunurdu.

Hazırda bizim verdiyimiz mikrokreditlərin aylıq həcmi 30 milyon manat təşkil edir. Ötən ilin sonunda zirvə ayı qeydə alınıb – həmin vaxt bu göstərici təxminən 40 milyon manat təşkil edib. Xüsusən, qeyd etmək vacibdir ki, bankın verdiyi aylıq kreditlərin təxminən 50%-i regional filialların payına düşür və bütün mikroreditlərin 35%-ni aqrokreditlər təşkil edir. Bu, belə deməyə əsas verir ki, bank bazarda, ölkə hökumətinin real iqtisadi sektorun və kənd təsərrüfatının inkişafına yönəlmiş tövsiyələrinə müvafiq surətdə fəaliyyət göstərir.

Qeyd etmək istərdik ki, biz bu nəticələrə ötən ildəkindən iki dəfə az sayda işçi heyəti ilə nail oluruq. Bu o deməkdir ki, bank ötən illər ərzində daxili biznesin yenidən qurulması, əlavə alətlərin optimallaşdırılması və tətbiqi sahəsində düzgün qərarlar qəbul edib – bu qərarlar bizim kredit mütəxəssislərmizin 5 il bundan əvvəlkinə nisbətən daha effektiv işləməsinə şərait yaradır.

Mərkəzi Bank uçot dərəcələrini azaltmaqda davam edir. Bu, “AccessBank”da kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına təsir göstərəcəkmi?

Nəzəri cəhətdən demək olar ki, təsir göstərəcək. Bazar üçün bu, müəyyən bir sabitlik siqnalıdır. Digər tərəfdən, faiz dərəcələrini əsaslandıran müəyyən amillər mövcuddur. Buraya vəsaitlərin özlərinin, bankın əməliyyat xərclərinin dəyəri və s. aiddir.

Bütün bunlara kompleks yanaşma tələb olunur. Daha böyük effektivliyə nail olmaq naminə bankın daxili optimallaşdırma üzrə həyata keçirdiyi tədbirlər, birmənalı olaraq, bu və ya digər kredit məhsulu üzrə əməliyyat xərcini azaldacaq. Məsələn, mobil qurğular vasitəsi ilə müxtəlif əməliyyatların həyata keçirilməsi kassirlərə və filiallara çəkilən xərcləri azaltmaqda banklara kömək edəcək.

Digər tərəfdən, əmanət dərəcələri ləng də olsa, azalır. Risk amilləri də kredit dərəcəsini artırmaq zərurəti yaratmır. Buna görə də, düşünürəm ki, kredit dərəcələri aşağı düşəcək.

Real iqtisadi sektorun inkişafından danışarkən qeyd etmək istərdim ki, bir neçə il bundan əvvəl bir çox oyunçular istehlak portfellərinə böyük vəsaitlər yatırır və öz bizneslərini istehlak kreditlərinin verilməsi üzərində qururdular. Son zamanlarda da buna xüsusi diqqət ayrılır. Bununla belə, istehlak kreditləri vasitəsi ilə biznesləri sabah “həzm edə” bilməyəcəkləri məbləğlə yükləmək olmaz.

Düşünürəm ki, bu seqmentdə ciddi tənzimləyici tədbirlərin görülməsi bankların likvidliyinin yüksəlməsinə gətirib çıxaracaq, bu isə, öz növbəsində, əmanət dərəcələrinin və beləliklə də, kredit dərəcələrinin azadılmasına şərait yaradacaq. Bu zaman mövcud rəqabəti də unutmaq olmaz. Yekun nəticədə, ənənəvi olaraq, böyük kredit portfelinə malik olan və faiz dərəcəsini azaltmaqla ümumi səviyyədə gəlirliliyi təmin etməyə qadir olan banklar udacaq.

Hazırda “AccessBank” Mərkəzi Bankın vəsaitlərindən nə dərəcədə asılıdır?

Tarixən “AccessBank” Mərkəzi Bankla kifayət qədər konstruktiv və işgüzar münasibətlər saxlayıb və biz Mərkəzi Bankın dəstəyini hər zaman hiss etmişik. Hazırda bank tənzimləyicinin kredit alətlərinin fəal istifadəçisi deyil. Amma zəruri olduğu halda, əminəm ki, Mərkəzi Bank bu istiqamətdə bizimlə, bazardakı mühüm oyunçulardan biri kimi, əməkdaşlıq məsələsinə lazımi diqqət yönəldəcək.

Bu ilin mart ayında əmanətlərin tam sığortalanması müddəti başa çatır. Necə düşünürsünüz, bu modeli saxlamaq zəruridirmi? Yoxsa, köhnə modelə qayıtmaq, yaxud əksinə, yeni bir model işləyib hazırlamaq vaxtıdır?

Mənim sırf şəxsi fikrim bundan ibarətdir ki, əmanətlərin tam sığortalanması modelindən artıq uzaqlaşmaq vaxtıdır. Çünki biz tez-tez belə bir halla rastlaşırıq ki, prinsipcə, bankın seçilməsində həlledici rol oynamalı olan bank fəaliyyətinin effektiv modeli, səhmdarların strukturu, rahat xidmət və s. bu kimi amillər müştəri üçün böyük əhəmiyyət kəsb etmir.

Müştəri hesab edir ki, istənilən halda, bütün vəsaitlər sığortalanıb və dövlət hər bir halda bu vəsaitləri qaytaracaq, buna görə də bank seçərkən yalnız əmanət məhsulunun yüksək qiymətinə əsaslanır. Düşünürəm ki, faiz dərəcəsinin daha da azaldılması və sığortalanmış maksimal məbləğin həcminə məhdudiyyət qoyulması düzgün addım olardı.

Bu nöqteyi-nəzərdən, müəyyən limitlərin qoyulması bankların özlərinə həm biznesdə, həm də öz üzərinə müəyyən risklər götürərkən daha məsuliyyətli olmasına və beləliklə də, onların daha rəqabətli olmasına kömək edə bilər. Məbləğin tam həcmdə kompensasiya edilməsi ilə əlaqədar devalvasiyadan sonra qəbul olunan qərarı mən, əhaliyə bank sisteminin dövlət tərəfindən dəstəklənməsinə zəmanət vermək üçün hökumətin icra etdiyi özünəməxsus sosial layihə adlandırardım.

Bir sıra banklar maliyyə çətinlikləri ilə üzləşib. Başqa bir bankdan konsolidasiya təklifi irəli sürülübmü? Bu məsələ nəzərdən keçirilə bilərmi?

Düşünürəm ki, bu məsələni şərh etmək daha çox bankın səhmdarlarının səlahiyyətindədir. AccessBank üçün bu məsələ kapitallaşmadan əvvəl aktual ola bilərdi.

Həqiqətən də, devalvasiyadan sonra bankların konsolidasiya edilməsi çağırışı tez-tez səslənirdi – bildirilirdi ki, Azərbaycan bazarı üçün 45 bank həddən artıq çoxdur və onların sayı azaldılmalıdır. Əlbəttə, müəyyən ünsiyyət səviyyəsində bu mövzuda söhbətlər gedib, amma ciddi bir addım atılmayıb. Bizim əsas məqsədimiz kapitalı möhkəmləndirməkdən, mümkün natarazlığı aradan qaldırmaqdan və güclü səhmdar strukturunu qoruyub saxlamaqdan ibarət idi və biz bu məqsədə nail olduq.

Bundan əlavə, bankın inkişafı ilə əlaqədar təsdiqlənmiş dördillik plan və bu planda öz əksini tapmış müddəaların uğurla həyata keçirilməsi “AccessBank”ın səhmdar strukturunun dəyişilməsini nəzərdə tutmur. Düşünürəm ki, bu məsələ bankımız üçün aktual deyil.

Mərkəzi Bank banklarda əsaslı yoxlamalar apardığını elan edib. “AccessBank”ın vəziyyəti necə qiymətləndirilir?

Bu, normal prosesdir və tənzimləyicinin müəyyən təşkilatda nə baş verdiyini müəyyən etməsinə, yoxlanan təşkilatın isə yoxlamanın keçirilməsinə və hesabat verdiyinə əmin olmaqda kömək edir. Mən bu yoxlanışların bankın işini ləngitdiyini deməzdim.

Tənzimləyicinin bu və ya digər rəqəmlərlə əlaqədar müəyyən sorğuları var. Biz buna konstruktiv yanaşırıq, bizim üçün bu yoxlanışlar müəyyən bir mərhələdir və biz öz fəaliyyətimizi uğurla davam etdirmək üçün bu mərhələdən keçməliyik.

Səhmdarların əvəzlənməsi ilə Bankın kadr siyasəti dəyişilibmi?

Kadr hazırlığı bizim üçün sosial missiyadır. Bankımıza universiteti yeni bitirmiş və bank sahəsində praktik təcrübəyə malik olmayan gənclər gəliblər. Yeni kadrlar hər zaman öz təcrübəsizliklərini öz istək və kreativ yanaşmaları ilə kompensasiya edirlər. İşlədiyi illər ərzində onlar təcrübə toplayaraq “AccessBank”ın mikrokreditləşmə bazarında aparıcı mövqe tutmasına kömək ediblər.

Bank isə öz növbəsində, onların əksəriyyətinin həyata vəsiqə qazanmasına şərait yaradıb. “AccessBank” hər zaman ölkənin bank sektorunu yüksək səviyyəli kadrlarla təmin edib və bankımızın bir çox yetirmələri hazırda çoxsaylı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışırlar.

Bankın daxili kadr siyasəti dəyişməz qalır və əməkdaşların daimi inkişafına və təkmilləşməsinə əsaslanır. Bunun sayəsində komandamızın üzvlərinin peşəkarlıq səviyyəsi artır və bəzi əməkdaşların bankı tərk etməsi bankın fəaliyyətinə heç bir təsir göstərmir. Onlar daxili kadr ehtiyatlarının növbəti nəsli ilə əvəzlənirlər.

Bundan əlavə, son zamanlar Azərbaycanın maliyyə bazarında çoxillik iş təcrübəsinə malik olan yüksək səviyyəli peşəkarlar da komandamıza qoşulublar.

Düşünürəm ki, komandanın yenilənməsi hər zaman müsbət məqamdır. Şübhəsiz ki, komandanın yeni üzvləri hər zaman biznesin gələcək inkişafına müəyyən təkan verir.

2020-ci ildə bankdan hansı yeni layihələr və məhsulları gözləyək?

Bankın layihələrinin böyük bir hissəsi müştərilərin bankla əlaqəsindən qazandığı təəssüratların yaxşılaşdırılmasına yönəldilib. Bunun üçün biz öz mobil və internet bankçılığımızı təkmilləşdirəcək, onlayn təklif etdiyimiz məhsul çeşidlərini artıracaq, bank kartları ilə əlaqədar təkliflərin üzərində işləyəcəyik və s.

2020-ci ildə biz daxili prosesləri optimallaşdırmaqda, müştəri üçün bürokratik əngəlləri azaltmaqda və bankı müasirləşdirməkdə davam edəcəyik. Biz əməkdaşlarımızın diqqətlərini sövdələşməni icra etməkdən daha çox, müştəriyə yönəltməsini istəyirik. Buna görə də əməkdaşların yükünün azaldılması, onların peşəkar hazırlığı və təkmilləşməsi bank üçün xüsusi önəm daşıyır.

Cari ilin planlarından danışaq. Bank bu il nə kimi yeniliklər etmək niyyətindədir? Maliyyə göstəriciləri üzrə proqnozlar və gözləntilər necədir?

Bizim əsas vəzifəmiz ili mənfəətlə başa vurmaqdır. Həmçinin, kredit portfelinin təkmilləşdirilməsi üzrə də kifayət qədər böyük planlarımız var. Biz bu planları, ilk növbədə, daxili bazarda vəsaitlərin cəlb olunması hesabına həyata keçirmək niyyətindəyik.

Biz müştərilərin “AccessBank”a etibar etdiyini və öz vəsaitlərini bizim bankda saxlamaq istədiklərini görürük. Düşünürəm ki, daxili resurslardan istifadə etməklə həmin vəsaitlərin düzgün yerləşdirilməsi ən sağlam kombinasiya və inkişaf modelidir.

Yuxarıda qeyd etdiyim kimi, biz özümüzü aqrar sahədə, orta və kiçik biznesdə görürük. Bununla əlaqədar olaraq, bu istiqamətdə öz aparıcı mövqeyimizi qoruyub saxlamaq üçün böyük işlər görürük. Biz, xüsusən, regionlarda effektiv filial şəbəkəsinə malikik. Regional filiallar aqrobiznesin inkişafını nümayiş etdirirlər və mənim fikrimcə, bu il biz regional səviyyədə əminliklə inkişaf edəcəyik.

Bu gün bank sektorunda öz biznes modellərini şəffaf və effektiv şəkildə qurmağa və müştərini daha da əlçatan etməyə çalışan çoxsaylı oyunçular var. Düşünürəm ki, ölkənin bank sektorunda müştəri uğrunda rəqabət gələcəkdə də artacaq. Bu xüsusda sürətli və keyfiyyətli xidmət səviyyəsi həlledici rol oynayacaq.



24/02/2020


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment