İyunun 13-də “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqini “BBB-” investisiya səviyyəsində təsdiq edərək proqnozu “sabit” saxlayıb. Eyni zamanda Agentlik Azərbaycan Respublikasının ölkə üzrə reytinqinin yuxarı həddini “BBB-”dən “BBB”yə yüksəldib.
“Fitch Ratings”in hazırladığı hesabatda qeyd olunur ki, Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu nisbətini və maliyyələşdirmə çevikliyini təmin edən güclü xarici valyuta aktivlərinin mövcudluğunu əks etdirir.
Reytinq üzrə proqnozu “sabit” saxlayan Agentlik iqtisadiyyatda xarici valyutanın adekvat təklifi, maliyyə sisteminin dollarlaşmasının azalması, Mərkəzi Bankın likvidlik idarəetməsinin yaxşılaşması, məzənnə sabitliyini dəstəkləyən etibarlı valyuta ehtiyatları və Dövlət Neft Fondunun xarici valyutada ifadə olunan aktivlərini müsbət amillər kimi qeyd edib.
Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik fonunda “Fitch Ratings” tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli xarici valyutada reytinqinin “BBB-” investisiya səviyyəsində təsdiq olunması ölkə iqtisadiyyatının güclü dayanıqlıq potensialının göstəricisidir.