İqtisadiyyat Nazirliyində Türkiyənin İğdır vilayəti valisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə işgüzar dairələr arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları dəyərləndirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İğdır vilayətinin valisi Ercan Turanın rəhbərlik etdiyi türkiyəli iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Görüşdə vurğulanıb ki, qarşılıqlı hörmət, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” yüksək səviyyəli tərəfdaşlığımızı təşviq edir.
Türkiyə ilə iqtisadi-ticarət əlaqələri genişlənir. Türkiyə ölkəmizin ikinci əsas ticarət tərəfdaşıdır. Hökumətlər arasında imzalanmış Preferensial Ticarət Sazişi ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. İnvestisiya üzrə işbirliyi də möhkəmlənir. İşğaldan azad olunmuş ərazilərimizdə birgə layihələr reallaşdırılır. Qardaş ölkə ilə sənaye, texnologiya, özəl sektor, nəqliyyat, kənd təsərrüfatı, əczaçılıq, tibbi avadanlıqların təchiz olunması, turizm və digər istiqamətlər üzrə səmərəli işbirliyi həyata keçirilir.
Görüş zamanı ölkəmizdəki əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar, azad olunmuş ərazilərimizdə biznes fürsətləri haqqında məlumat verilib, Türkiyə sahibkarları, o cümlədən iğdırlı iş adamları fəal işbirliyinə dəvət olunublar.
Tərəflər biznes nümayəndələri arasında əməkdaşlığın möhkəmləndirilməsi və birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanlarını dəyərləndiriblər.