9 aprel 2025-ci il tarixində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov, ABB-dən İdarə Heyəti sədrinin müavini Nəbi Əliyev, Kapital Bankdan Xəzinədarlıq Departamentinin Direktoru Fərid Əliyev,Paşa Bankdan İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və Xəzinədarlıq Departamentinin Direktoru Kamil Allahverdiyev iştirak ediblər.
Müştərək Komissiyanın 8-ci iclasında iqtisadiyyat, ticarət, logistika, investisiya və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
İclas çərçivəsində, Səudiyyə Ərəbistanı–Azərbaycan İnvestisiya Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkənin hökumət nümayəndələri və iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər. Dəyirmi Masada çıxış edən Baş nazirin müavini Samir Şərifov bu cür görüşlərin hökumət və biznes dairələri arasında açıq dialoq üçün mühüm platforma olduğunu qeyd edib.
Baş nazirin müavini Səudiyyə Ərəbistanının rəsmilərini və biznes nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və iqtisadi perspektivlərlə tanış edərək, onları bu bölgələrə investisiya yatırmağa dəvət edib.