“2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub
İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
İclasda Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev 2025-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar geniş təqdimatla çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə 2025-ci ildə iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin qorunması, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, real sektorun inkişafının sürətləndirilməsi büdcə siyasətinin əsas istiqamətləri olub.
İclasda ötən il icmal büdcə gəlirlərinin 48,0 milyard manat, icmal büdcə xərclərinin 44,7 milyard manat, o cümlədən dövlət büdcəsi gəlirlərinin 39,2 milyard manat, dövlət büdcəsi xərclərinin 38,6 milyard manat, dövlət büdcəsi profisitinin isə 580 milyon manat təşkil etdiyi qeyd olunub. Bildirilib ki, ötən il büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 55,2%-ə çatıb ki, bu da 2024-cü illə müqayisədə 2,8% bəndi çoxdur. Eyni zamanda vurğulanıb ki, 2029-cu ildə dövlət büdcəsində qeyri-neft-qaz gəlirlərinin payının 70%-ə çatdırılması hədəflənir.
Sahil Babayev, həmçinin digər hədəf kimi qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasının əhəmiyyətini vurğulayaraq, bu göstəricinin Azərbaycanın dövlət büdcəsinin makroiqtisadi, fiskal çərçivələrinin sağlamlaşması baxımından önəmli olduğunu və 2025-ci ilin icrasında bu rəqəmin ÜDM-in cəmi 18,6%-ni təşkil etdiyini bildirib. Nazir qeyd edib ki, ötən il hədəf göstəricidən 3,5% bəndi aşağı olan qeyri-neft baza kəsirinin təsdiq olunmuş ortamüddətli xərclər çərçivəsində 2029-cu ildə 13%-ə qədər azaldılması planlaşdırılır.
Ötən il regionların büdcədən asılılığının daha da azaldığına toxunan Sahil Babayev xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrasının təmin olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Naxçıvana dotasiya proqnozla nisbətdə 55 milyon manat az - 160 milyon manat icra olunub. Eyni zamanda, cəmi dörd rayona 1,5 milyon manat dotasiya verilib.
Nazir qeyd edib ki, hesabat dövründə dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb və bu günə olan göstərici 24,1 milyard manat olmaqla ÜDM-in 18,4%-ni təşkil edir.
Bundan başqa, Sahil Babayev 2025-ci ildə Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə həyata keçirilən islahatlardan da söz açıb. Nazir bu istiqamətdə 13 altsistemdən ibarət "Rəqəmsal Dövlət Maliyyəsi" İnformasiya Sisteminin yaradıldığını, sistem çərçivəsində "e-müqavilə", "e--rüsum", "büdcə məlumat idarəetmə", "elektron büdcə bələdçisi, "dövlət müəssisələrinin rəqəmsal monitorinqi" modullarının istifadəyə verildiyini qeyd edib. Nazir əlavə edib ki, həyata keçirilən islahat tədbirləri çərçivəsində dövlət xəzinədarlığının fəaliyyəti təkmilləşdirilib, bu istiqamətdə dövlət büdcəsinin gəlir və xərclərinə nəzarətin təmin edilməsi, büdcə gəlirlərinin və xərclərinin cari və növbəti dövr üçün proqnozlaşdırılması məqsədilə müvafiq maliyyə hesabatlılıq portalı hazırlanaraq istifadəyə verilib. Eyni zamanda, hesabat dövründə büdcə xərclərinin 98%-i xəzinə müşayiətinə cəlb edilib, dövlət xəzinədarlığında cari risk əsaslı nəzarət mexanizminin tətbiqinə başlanılıb. Xəzinədarlıq orqanlarının inzibati idarəetmə sistemi təkmilləşdirilib, regional xəzinədarlıq orqanları mərkəzləşdirilib. Hazırda ölkə üzrə bütün ödənişlər yalnız bir xəzinə orqanı vasitəsilə təmin edilir.
Nazir həmçinin bildirib ki, hesabat dövründə dövlət müəssisələrinin gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və təhlili Qaydaları, habelə xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar təsdiq edilib, dövlət investisiya və infrastruktur layihələrinin maliyyə ekspertizasının təhlili prosesinə başlanılıb.
Geniş müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.