Dilara Zamanova, PR mütəxəssisi, Mərkəzi Gömrük Hospitalı
İctimaiyyətlə əlaqələr, yəni PR, çox vaxt insanlar tərəfindən mürəkkəb və anlaşılmaz görünə bilər. Amma əslində PR sadə dildə desək, bir təşkilatın, şirkətin, xəstəxananın və ya şəxsin ictimaiyyətlə düzgün ünsiyyət qurmağıdır. Məqsəd insanlara düzgün məlumat vermək, etibar yaratmaq və doğru imic formalaşdırmaqdır.
Edward Bernays, PR-in atası sayılan bir mütəxəssis, “Propaganda” kitabında yazır ki, PR yalnız reklamdan və ya xəbərlərdən ibarət deyil. Əsl PR insanların düşüncələrinə, münasibətlərinə və qərarlarına təsir etməyə xidmət edən bir sənətdir. Bernays-a görə, PR həm informasiya yaymaq, həm də insanların mövqeyini anlamaq və onlara uyğun kommunikasiya qurmaq deməkdir.
PR mütəxəssisi nə edir?
• İctimaiyyətlə əlaqə saxlayır: Xəstəxana və ya təşkilat haqqında xəbərləri paylaşır, düzgün məlumat verir.
• Etibar yaradır: İnsanlar bir quruma güvənəndə, onun xidmətlərini və məhsullarını seçməkdə daha rahat olurlar.
• Reputasiyanı qoruyur: Hər hansı yanlış anlaşılmalar, dezinformasiyalar və ya “Qara PR” halları qarşısında müdafiə strategiyaları qurur.
• Məlumatı düzgün çatdırır: Sosial media, mətbuat, seminarlar və tədbirlər vasitəsilə insanlara mesajı aydın və anlaşılır şəkildə çatdırır.
Sadə bir misal: əgər bir xəstəxana yeni uşaq şöbəsini açırsa, PR mütəxəssisi bunu yalnız elan etməz. O, valideynlərə şöbənin üstünlüklərini, təhlükəsizlik tədbirlərini, xidmət keyfiyyətini izah edər, valideynlərin suallarına cavab verər və beləliklə insanlar xəstəxanaya etibar edər.
Yəni PR, yalnız reklam və ya sosial media paylaşımı deyil. PR, doğru mesajı doğru insanlara çatdırmaq və etibar, hörmət və anlayış yaratmaq sənətidir. Bernays-ın dediyi kimi, “Propaganda” həyatımızın hər sahəsində, düzgün və etik PR üsulları ilə insanların məlumatlanmasına və düşüncə formalaşmasına xidmət edə bilər.
PR-ın gücü ondadır ki, o, insanları manipulyasiya üçün deyil, doğru və şəffaf kommunikasiya üçün istifadə edildikdə həm təşkilat, həm də insanlar üçün faydalı olur.