Noyabrın 17-də Dövlət Gömrük Komitəsində Qırğız Respublikası Nazirlər Kabineti yanında Dövlət Gömrük Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Səfər Dövlət Gömrük Komitəsinin gömrük işinin təşkili sahəsində əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi məqsədilə təşkil olunub.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib. Qeyd olunub ki, gömrük işinin səmərəliliyinin artırılmasında təcrübə mübadiləsi mühüm amillərdən biridir və Azərbaycan gömrüyü bu istiqamətdə əldə etdiyi uğurlu nəticələri paylaşmağın ümumi işə fayda verəcəyi qənaətindədir.
Qeyd edək ki, beş gün davam edəcək səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin mütəxəssisləri qırğız həmkarlarını bir pəncərə sistemi, risklərin idarəedilməsi, texniki nəzarət vasitələrindən istifadə, rəqəmsallaşma, süni intellektin tətbiqi, hədəf qrupları ilə əlaqələrin qurulması və digər sahələrdə əldə etdikləri qabaqcıl təcrübələr barədə məlumatlandıracaqlar. Həmçinin Qırğız Respublikası gömrük xidmətinin əməkdaşları da təqdimatla çıxış edəcəklər.
Səfər çərçivəsində Qırğız gömrük xidmətinin əməkdaşları, həmçinin Bakı Baş Gömrük İdarəsində və Abşeron Logistika Mərkəzində gömrük işinin təşkili ilə tanış olacaq, əməliyyatları əyani şəkildə izləyəcəklər.