13–14 noyabr tarixlırində Braziliya Federativ Respublikasının Manaus şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyası (COP30) çərçivəsində Braziliya Federal Gəlirlər Xidmətinin Gömrük Administrasiyası tərəfindən “Yaşıl Gömrük: İnnovasiya və Dayanıqlılıq” adlı beynəlxalq yan tədbir keçirilib.
Tədbirdə Braziliya Gömrük Administrasiyasının rəsmi dəvəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti, habelə Azərbaycanın Braziliyadakı səfiri və səfirliyin əməkdaşları, eləcə də Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Braziliya, Avstriya, Almaniya, Rusiya, Portuqaliya, Honduras, Dominikan Respublikası, Madaqaskar, Kolumbiya və digər ölkələrin gömrük administrasiyalarının nümayəndələri iştirak ediblər.
“Yaşıl Gömrük gündəliyi” çərçivəsində keçirilən tədbirin məqsədi gömrük orqanlarının iqlim dəyişikliyinə qarşı dayanıqlı ticarətin təşviqində oynadığı rolu müzakirə etmək, həmçinin bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Müzakirələr zamanı innovasiya, rəqəmsallaşma, ətraf mühitin qorunması və yaşıl keçid təşəbbüsləri əsas mövzular kimi diqqət mərkəzində olub.
Panel müzakirəsində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ölkəmizin iqlim və ekoloji gündəliyinə sadiqliyini vurğulayıb, gömrük sahəsində həyata keçirilən rəqəmsal transformasiya, süni intellekt əsaslı risk idarəçiliyi və “Bir Pəncərə” prinsipi barədə məlumat verib. Qeyd edilib ki, “Yaşıl Gömrük” yanaşması artıq 2025–2030-cu illəri əhatə edən Gömrük İnkişaf Strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Tədbirin yekununda iştirakçılar gömrük orqanlarının iqlim dəyişikliyinə qarşı və ekoloji dayanıqlılığın təşviqində mühüm rol oynadığını bildirib, bu istiqamətdə təcrübə mübadiləsinin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi və yaşıl təşəbbüslərin dəstəklənməsi ilə bağlı ümumi mövqelərini ifadə ediblər.