30-31 oktyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın təşəbbüsü ilə “Ernst & Young” (EY) şirkətinin ekspertləri tərəfindən bank sektoru üçün “Dayanıqlı maliyyə” üzrə ikigünlük təlim proqramı təşkil olunub.
Təlimdə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə yaşıl keçidin təmin olunması istiqamətində insan kapitalının potensialının artırılmasına yönəlmiş təşəbbüslərin mühüm əhəmiyyətindən danışıb. O, bu istiqamətdə Mərkəzi Bankın tərəfdaşlarla həyata keçirdiyi birgə layihələrdən bəhs edib.
Təlim proqramı emissiyaların hesablanması və iqlimlə bağlı maliyyə məlumatlarının açıqlanması istiqamətlərini əhatə edib. Sessiyalar bank sektorunda fəaliyyət göstərən mütəxəssislərin dayanıqlı maliyyə sahəsində bilik və bacarıqlarını artırmaq, beynəlxalq standartlara uyğun praktik yanaşmaların tətbiqinə dəstək olmaq məqsədilə keçirilib.
Proqramın ilk günündə bank nümayəndələri “İqlimlə bağlı maliyyə açıqlamaları: IFRS S1 və S2 standartları, Qlobal Hesabatlıq Təşəbbüsü və digər beynəlxalq çərçivələr” mövzusunda keçirilib. Sessiyada sözügedən standartlarının məqsədi, əsas tələbləri, qlobal tətbiq təcrübəsi, həmçinin qlobal hesabatlılıq çərçivələri ilə inteqrasiya məsələləri müzakirə olunub.
“Banklar tərəfindən maliyyələşdirilən emissiyaların hesablanması və idarə olunması” mövzusuna həsr olunan təlimin ikinci günündə iştirakçılara emissiyalarının hesablanma metodologiyası barədə məlumatlar təqdim olunub.
Qeyd edək ki, bu təşəbbüs Mərkəzi Bankın maliyyə sektorunda dayanıqlılıq və şəffaflıq prinsiplərinin tətbiqinin təşviq edilməsinə, həmçinin beynəlxalq hesabatlıq standartlarına uyğun institusional potensialın gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin davamıdır.