10 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilmiş “Stressə dayanıqlılıq: Ağ xalatda psixi sağlamlıq” mövzusunda seminar keçirilib.
Tədbiri açılış nitqi ilə açan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev psixi sağlamlığın tibb işçilərinin peşə fəaliyyətində mühüm rol oynadığını vurğulayıb. O, bu kimi seminarların tibb personalının stressə qarşı dayanıqlılığını artırmaqla və kollektivdə sağlam psixoloji mühitin formalaşmasına töhfə verdiyini bildirib.
Daha sonra Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü, klinik psixoloq Mirşahin Əlizadə “Stressə dayanıqlılıq: Ağ xalatda psixi sağlamlıq” və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə “Psixi sağlamlıq gününün sosial və tibbi əhəmiyyəti” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlimdə iştirak edən tibb işçiləri təqdimat zamanı stressin idarə olunması, emosional tükənmənin qarşısının alınması və psixoloji dayanıqlılığın artırılması ilə bağlı praktiki tövsiyələr əldə ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və belə təşəbbüslərin tibbi personalın fərdi inkişafında mühüm rol oynadığı vurğulanıb.