Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə İsveçrənin “HES-SO” Ali İdarəetmə Məktəbinin tələbələrinin Azərbaycanda iki həftəlik təcrübə proqramı çərçivəsində Mərkəzi Banka səfəri baş tutub.
Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov “Avrasiyada Biznesin İdarə Edilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb.
Görüş zamanı baş direktor ölkədə makroiqtisadi sabitliyin təmin olunması çərçivəsində Mərkəzi Bankın tənzimləmə və nəzarət fəaliyyəti barədə ətraflı məlumat verib. O, həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəf və prioritetlərin uğurla reallaşdırılmasının ölkəmizin makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsinə verəcəyi töhfələrdən danışıb.
Daha sonra tələbələr üçün Mərkəzi Bankın nümayəndələri tərəfindən təşkilatın əsas funksiyaları və fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirilib. Təqdimatlar zamanı pul siyasəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, kapital bazarlarının inkişafı, eləcə də maliyyə texnologiyaları və innovasiyalar sahələri üzrə ətraflı məlumat verilib, mövzular üzrə tələbələrin sualları cavablandırılıb.
Mərkəzi Bankda təcrübə İsveçrə, Meksika, Fransa, İtaliya və Portuqaliyadan olan tələbələrin Azərbaycan iqtisadiyyatı, Mərkəzi Bank və maliyyə sektoru ilə bağlı biliklərinin artırılması, o cümlədən beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli olub.