Mərkəzi Bank tərəfindən vətəndaşların Banka müraciət imkanlarının genişləndirilməsi və müraciətlər üzrə məlumat əlçatanlığının təmin olunması diqqətdə saxlanılır. Mərkəzi Bankın myGov platformasında vətəndaşlara xidmət göstərən qurumlar siyahısına əlavə olunmaqla, sözügedən platforma üzərindən elektron müraciətlərin qəbul olunması imkanının yaradılması bu istiqamətdə növbəti mühüm təşəbbüsə çevrilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal hökumət quruculuğunun mühüm tərkib hissələrindən biri olan və geniş istifadəçi auditoriyasına malik myGov (my.gov.az) platforması vətəndaşlara dövlət və özəl sektor xidmətlərinə vahid pəncərə prinsipi əsasında rahat və operativ çıxış imkanı yaradır.
Artıq vətəndaşlar myGov veb-səhifəsində müvafiq siyahıdan Mərkəzi Bankı seçməklə, müraciətlərini onlayn qaydada Banka ünvanlaya bilərlər.
Xatırladaq ki, vətəndaşlara müraciətlərini Mərkəzi Bankın rəsmi veb-səhifəsi (cbar.az) üzərindən onlayn qaydada ünvanlamaq, həmçinin 966 Qaynar xəttinə zəng etməklə sorğularının qeydə alınmasını təmin etmək imkanı da təqdim olunur.