Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov 29 dekabr 2023-cü il tarixində saat 15.00-da “Kəskin böyrək zədələnməsi” mövzusunda təqdimatla çıxış edəcək. Tədbirdə Mərkəzi Gömrük Hospitalının nefroloqları, təcili yardım həkimləri, müxtəlif tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər.Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir. Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN.
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır. Hospitalın klinik şöbələrinin təcrübəli həkimləri ilə çiyin-çiyinə çalışaraq pasiyentlərin müalicəsini aparmaqla yanaşı, həkim-rezidentlər həmçinin öz bilik və bacarıqlarını hər gün genişləndirir.
Buna dəstək məqsədilə hospitalda artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.