Baki, Finance Time. Ölkənin daha 3 lizinq şirkəti Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasına üzv olub. ALŞA-dan verilən məlumata əsasən, yeni üzvlər hazırda lizinq bazarında uğurla fəaliyyət göstərən Ansar Lizinq, Turan Lizinq və Nikoyl Lizinq şirkətləridir. Ansar və Turan lizinq şirkətləri ALŞA-nın tərkibinə tam hüquqlu üzv qismində, Nikoyl Lizinq şirkəti isə müşahidəçi üzv qismində qoşulub.
ALŞA-nın sədri Elçin Əhmədovun sözlərinə görə, yeni üzvlərin qatılması assosiasiyanın imkanlarını daha da artırır. “Lizinq sektorunun inkişafını dəstəkləmək üçün ilk növbədə ölkədəki lizinq şirkətlərinin birləşməlidir. Sıralarımızın genişlənməsi qarşıda qoyulmuş məqsədlərə birgə səylərlə nail olmaq üçün perspektivləri daha da genişləndirir” - deyə, E.Əhmədov bildirmişdir.
Bununla da ALŞA-nın tərkibinə Azərbaycanın 11 lizinq şirkəti daxildir. Bunlar AG Lizinq, Ansar Lizinq, AtaLizinq, Dəmir Bank, Joint Lizinq, UniLizinq, Turan Lizinq, Standard Lizinq, Qafqaz Lizinq şirkətləri, eləcə də müşahidəçi qismində ASB Bank və NİKOİL Leasing şirkətləridir.
ALŞA 2005-ci ildə Beynəlxalq Maliyyə Korporasiyasının (IFS) Azərbaycanda Lizinqin İnkişafı Layihəsi çərçivəsində yaradılıb.