Baki, FinanceTime. 23 - 24 noyabr 2016 –cı il tarixdə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağı və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsinin Yekun Konfransını təşkil etmişdir.
Konfransın işində DəmirBankın nümayəndələri də iştirak etmişdir. Yuxarıda adı çəkilən layihənin “Maliyyə savadlılığı” çərçivəsində sponsorlarından biri olan “DəmirBank” ASC Azərbaycanın qadın əhalisinin maliyyə savadlılığının artırılmasında 2014 - 2016-cı illər üzrə 3 illik dövrü əhatə edən layihənin həyata keçirilməsində Azərbaycan Mikromaliyyə Assossasiyası ilə fəal əməkdaşlıq edib.
Layihənin həyata keçirilməsində yaxından iştirak edən “DəmirBank” da digər əməkdaş təşkilatlarla yanaşı ölkəmizin sosial həyatına müsbət təsir edən bu layihədə həm təlimçilərinin, həm xanım işçi heyətinin, həm də qadın müştərilərinin iştirakını təmin etmək məqsədilə müvafiq dəstək göstərib.
Layihəyə göstərdiyi dəstəyə görə “DəmirBank” ASC xüsusi mükafat – “Nümunəvi layihə partnyoru” nominasiyası üzrə təltif edilib.
Eyni zamanda “DəmirBank”ı 3 il müddətində layiqincə təmsil edərək, maliyyə savadlılığı sahəsində təlimçi olaraq 6 regionda 8 təlim sessiyası üzrə 121 nəfər qadın sahibkarın təlimləndirilməsində fəal işitakına görə “DəmirBank”ın əməkdaşı İradə Mikayılova isə “Maliyyə savadlılığı üzrə innovativ təlimçi” nominasiyası üzrə mükafata layiq görülüb.
Sosial yönümlü bank olaraq “DəmirBank” ASC gələcəkdə də bu istiqamətdə aparılan layihələrdə iştirak etməyi planlaşdırır.